Şəhid ailələri ilə növbəti görüş

Şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə hər ay gənclərlə şəhid ailələrinin görüşləri təşkil olunur.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Naxçıvan şəhərində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları bu məqsədlə II Qarabağ Müharibəsi şəhidləri – Vəliyev İsmayıl Mehman oğlu, Quliyev Vəli Vəli oğlu, Əlizadə Fuad Nazim oğlu və İbrahimov İbrahim Etibar oğlunun ailə üzvləri ilə görüşərək qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
Gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildirib, xatirə kitabına öz fikirlərini qeyd ediblər.
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti